Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında gündəliyə bir məsələ salınmışdı: parlamentin 16 mart tarixli iclasında Fəzail Ağamalı ilə aralarında baş verən insidentə görə Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğv olunması. Amma bu məsələ iclasdan əvvəl H.Abdullayevin iştirakı olmadan MM-in Intizam Komissiyasında müzakirə edilmişdi. Jurnalistlər komissiyanın iclasında iştirak etməyə cəhd göstərsələr də, nəticəsi olmamışdı. MM-in iclasına təxminən yarım saat qalmış isə məlumat gəldi ki, Hüseyn Abdullayev ATƏT-in Bakı ofisinə gedərkən həbs olunub. Bu zaman deputat həm də fiziki zora məruz qalıb. Fəzail Ağamalının 3.2-2.5 sm-lik şişləri Onun MM-in iclasına da qatılmaması bu məlumatın səhihliyinə inamı bir qədər də artırırdı. Yeri gəlmişkən, F.Ağamalı da hansısa səbəbdən iclasda iştirak etmirdi. Iclas başlayan kimi spiker Oqtay Əsədov bəyan etdi ki, H.Abdullayevlə F.Ağamalı arasında baş vermiş insidentlə bağlı baş prokuror Zakir Qaralov parlamentə müraciət edərək H.Abdullayev barəsində cinayət işinin açılması üçün onun üzərindən deputat toxunulmazlığının götürülməsini xahiş edib. Baş prokurorun müavini Rüstəm Usubov çıxış edərək Zakir Qaralovun müraciətini oxudu. Təqdimatda Cinayət Məcəlləsinin 221.2.2 və 132-ci maddələri ilə başlanmış cinayət işi üzrə H.Abdullayevin deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı spikerə müraciət edilir. Baş prokurorun müraciətində bildirilir ki, martın 16-da 12.30 radələrində parlamentin iclas zalında hökumətin 2006-cı il fəaliyyəti haqda hesabatı üzrə müzakirələr keçirilərkən millət vəkili H.Abdullayev çıxışı zamanı deputat etikasını gözləməyib. Insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz ifadələr işlədib, deputat adına xələl gətirən hərəkətlər edib. H.Abdullayev onu intizama dəvət edən deputatları nalayiq söyüşlərlə söyərək təhqir edib. Millət vəkili həmçinin öz həmkarı F.Ağamalının üstünə hücum çəkərək onu döyüb və F.Ağamalı qapalı kəllə-beyin travması alıb. Onun “alnının sol qaşüstü nahiyəsində 3.5, 2.5 sm-lik şiş əmələ gəlib. Bunun nəticəsində parlamentin plenar iclasının gedişi 20 dəqiqə pozulub. Bu fakta görə prokurorluq orqanları tərəfindən ibtidai istintaq aparılır. *** Zəruri qeyd: Məlum hadisədən sonra F.Ağamalı jurnalistlərə açıqlamasında heç bir xəsarət almadığını və özünü yaxşı hiss etdiyini bəyan etmişdi. Doğrudan da deputatın üzündə heç bir xəsarət izi görünmürdü. Onun dünənki iclasa qatılmaması *** MM-in Intizam komissiyasının sədri Ağacan Əbiyevsə bildirdi ki, bu məsələyə komissiyanın iclasında baxılıb və Fazil Qəzənfəroğlu istisna olmaqla komissiya üzvləri məsələnin müzakirəyə çıxarılmasını məqbul hesab ediblər. Əli Əhmədov Hüseyn Abdullayevi “qoçu deputat” adlandırdı Müzakirələr zamanı ilk çıxış edən YAP-çı deputat Əli Əhmədov oldu. O, H.Abdullayevlə F.Ağamalı arasında baş verən insidenti parlamentə ləkə vuran bir hadisə kimi qiymətləndirdi: “Burada söhbət Azərbaycanın siyasi elitasının üzünə tüpürməkdən gedir. Milli Məclis bu ləkəni öz üzərindən silməyi bacarmalıdır. Biz kiminsə şıltaqlığı naminə Milli Məclisin nüfuzunu aşağı sala bilmərik. Hüseyn Abdullayev burada qoçuluq iddialarını həyata keçirməyə, özünü yeni statusda tanıtmağa cəhd edib: Qoçu deputat statusunda. Hesab edirəm ki, etdiyi əxlaqsızlıq, tərbiyəsizlik və cinayət məsuliyyəti yaradan hərəkətlərinə görə onun deputat toxunulmazlığı ləğv edilməlidir”. Elton Məmmədovu yandırıb-yaxan hökumətin tənqid edilməsi olub “Hüseyn Abdullayevin hərəkətləri xalqa təhqirdir”. Bu fikirlər isə deputat Elton Məmmədova məxsusdur. Amma deputatın çıxışından hiss olunurdu ki, ona F.Ağamalının döyülməsi deyil, H.Abdullayevin hökuməti kəskin tənqid etməsi yer eləyib: “Hüseyn Abdullayev hökumətin hesabatını nağıl adlandırdı. Bu Heydər Əliyev siyasətinin üzərinə kölgə salmaqdır. Onu hansı əqidəyə qulluq etməsi, deputat kimi fəaliyyəti məndə şübhə doğurur. Mən də Hüseyn Abdullayevin deputat toxunulmazlığı statusunun xitam verilməsinə tərəfdaram”. “Baş verənlərin kökündə Hüseyn Abdullayevin fərqli fikir söyləməsi dayanır” Nəsib Nəsiblinin mövqeyi isə fərqli oldu. O, bildirdi ki, baş vermiş olaya görə təəssüf etsə də, məsələnin bu cür qoyuluşuna etiraz edir: “Bu hadisənin kökündə Hüseyn Abdullayevin fərqli fikir söyləməsi dayanır. O, hökuməti kəskin tənqid etdi. Onun fikirlərinə isə emossional reaksiya verildi. Bu lazım idimi? Biz fərqli fikrə dözümlü yanaşmalıyıq. Hüseyn Abdullayev səhv edə bilər. Amma onun bu şəkildə cəzlandırılması doğru deyil. Mən hesab edirəm ki, Intizam Komissiyasının qərarı da səhvdir. Bu məsələyə yenidən baxılmalıdır”. “O, xalqın mənafeyinə uyğun danışdığı üçün həbs edilib” Pənah Hüseyn baş verənlərin siyasi xarakterli olduğunu bildirdi: “Baş prokurorun təqdimatından da sezilir ki, bu adi bir kriminal hadisə deyil. Bu, siyasi qərarın nümayişidir. Məndə olan məlumata görə, artıq Hüseyn Abdullayev həbs olunub. Niyə həbs edilib, kimin əmri ilə həbs olunub? O, gəlib burada iştirak etməliydi, sözünü deməliydi. Amma onu döyüb, maşına basıb həbs ediblər. Açıq-aydın görünür ki, Hüseyn Abdullayev xalqın mənafeyinə uyğun danışdığına görə həbs edilib. Indi heç kimin qarantiyası yoxdur ki, qapıdan çıxanda onu da təxribata çəkib, sonra bu qayda ilə həbs edəcəklər. YAP-ın daxilində baş verənlərin mənə və bütövlükdə Milli Məclisə dəxli yoxdur. Öz razborkalarınızı parlamentə gətirməyin. Bəllidir ki, hakimiyyət böhran içindədir, bu da Hüseyn Abdullayevin başında çatladı. Mən Hüseyn Abdullayevi tanımıram, onunla heç bir münasibətim yoxdur. Amma hesab edirəm ki, məsələ bu cür həll olunmamalıdır". Pənah Hüseyn onu da bildirdi ki, Zakir Qaralovun təqdimatında baş vermiş hadisə təhrif olunub: “Hər şey gözümüzün qarşısında baş verib. Təqdimatda qeyd olunur ki, Hüseyn Abdullayev Fəzail Ağamalıya hücum edib. Amma hamı gördü ki, hücum edən Fəzail Ağamalı oldu. Burdan-bura cənab baş prokuror bizə gözümüzün qabağında olan hadisəni təhrif olunmuş şəkildə göstərib. Bu da onu göstərir ki, ”düymə" ayrı yerdən basılıb. Bir yandan bir-birimizi Novruz bayramı münasibətilə təbrik edirik, digər tərəfdən deputatlardan birinin həbsinə icazə veririk, daha doğrusu artıq həbs olunub, heç bizdən soruşan da yoxdur". Səyavuş Novruzov və əhəd abıyev prokurora haqq qazandırdı Maraqlıdır ki, əhəd abıyev də Hüseyn Abdullayevin hərəkətlərini tərbiyəsizlik və əxlaqsızlıq hesab etdiyini dedi. “Bu gün Heydər Əliyevin ruhu buradadır. Ona görə də biz bu məsələylə bağlı qəti mövqeyimizi bildirməliyik”,- deyə o, əlavə etdi. YAP-çı deputat Səyavuş Novruzov müxalifətçi deputatları olaya siyasi don geyindirməkdə suçladı: “Bu sırf xuliqanlıq hadisəsidir. Ona görə də bunu törədən şəxs cəzalandırılmalıdır. Burada müxalifətçi deputatlar bu hadisəyə siyasi rəng verirlər. Deyirlər ki, bütün bunlar Hüseyn Abdullayev hökuməti tənqid etdiyinə görə baş verib. Ondan əvvəl Müsavat deputat qrupunun üzvləri çıxış etmişdilər. Hökumətin hesabatını tənqid etmişdilər, hökuməti istefasını tələb etmişdilər. Onlara gözün üstə qaşın var deyən olmadı. Ona görə də bu hadisəni siyasiləşdirməyin”. Daha sonra YAP-çı deputat spikerə belə bir təklif verdi: “ABŞ-da kimsə prezident seçiləndən sonra ona bir-iki ay təlim keçirlər ki, özünü belə apar, elə apar. Oqtay müəllim, indi burada da elələri var ki, onları əvvəlcədən tərbiyə etmək lazımdır. Kimlərsə piştaxta arxasından durub parlamentə gəlirsə, elə hesab etməsin ki, burada da piştaxtda arxasında oturub”. Bu, deputatları qorxutmaq məqsədi güdür Ikram Israfil Hüseyn Abdullayevin bu cür cəzalandırılmasını ona qarşı haqsızlıq kimi qiymətləndirdi. Digər müsavatçı deputat Iltizam Əkbərli baş vermiş olaydan təəssüflənsə də, buna görə fövqəladə iclas çağırılmasına zərurət görmədiyini dedi. I. Əkbərli də hesab edir ki, baş verənlərin kökündə H.Abdullayevin hökuməti tənqid etməsi dayanır. “Sabah hakimiyyətə yaxın deputatların əlilə hökuməti tənqid edən digər millət vəkillərini də bu cür təxribata çəkib həbs edəcəklər”,- deyə Iltizam Əkbərli vurğuladı. Ziyafət Əskərov ikiqat böhtan atdı Vitse-spiker Ziyafət Əsgərov isə bildirdi ki, H.Abdullayevin hərəkətləri xuliqanlıq faktıdır. “Parlament söyüş yeri deyil, burada bizim ağsaqqallarımız, ana-bacılarımız, hörmətli alimlərimiz əyləşib” deyən Z.Əsgərov müxalifətçi deputatların bu məsələni siyasiləşdirməsini və H.Abdullayevi müdafiə etməsini öz əxlaqına uyğun izah edib: “Bu adamın əməllərində cinayət tərkibi var. Müxalifət deputatları isə həmişə belə adamları pul qoparmaq üçün müdafiə edir. Ayıbdır axı?” Bu yerdə P.Hüseyn “Bu sözü dilə gətirməyin özü ayıbdır” deyərək Z.Əsgərovu bir qədər ciddi olmağa çağırdı. Spiker isə P.Hüseyni sakitliyə riayət etməyə çağırdı. P.Hüseyn “Görmürsünüz nə deyir, kim pul alıb axı. Ayıbdır, belə sözlər danışmayın” deyə O.Əsədova müavininin haqsız danışdığını izah etməyə çalışdı. Əkrəm Əylisli və Elmira Axundova “bu dəfə bağışlayaq” dedilər Yazıçı-deputat Əkrəm Əylisli Hüseyn Abdullayevi bu dəfə bağışlamağı təklif etdi: “Əgər bu, ikinci hal olsaydı onun bu cür cəzalandırılmasını başa düşmək olardı. Amma o, birinci dəfə idi ki, belə edirdi. Ona görə də mənə elə gəlir ki, bu dəfə onu bağışlamaq lazımdır”. Elmira Axundova da həmkarının fikirlərini dəstəklədi. Rəbiyyət Aslanova isə H.Abdullayevin hərəkətlərini “əxlaqsızlıq” adlandıraraq həmkarlarını onun deputat toxunulmazlığına xitam verilməsinə səs verməyə çağırdı. Iqbal Ağazadə baş prokurorun təqdimatının hadisəyə adekvat olmadığını bildirdi. Deputat ilk olaraq F.Ağamalının H.Abdullayevə hücum çəkdiyini xatırlatdı. Və bildirdi ki, H.Abdullayevin deputat toxunulmazlığından məhrum edilməsi ədalətsizlikdir. *** Müzakirələr başa çatdıqdan sonra 79 nəfər lehinə, 15 nəfər əleyhinə 5 nəfər bitərəf qalmaqla H.Abdullayevin deputat toxunulumazlığına xitam verildi. Vidadi Məmmədov
|